fbpx

Facebook yoxsa Google reklamları?

Bu yazımız 2 nəhəng platformanın reklamları arasındakı fərq haqqındadır. Bunlardan biri bəlkə də günümüzün yarısını keçirdiyimiz Facebook, digəri isə sadəcə nə isə axtamaq lazım olduqda müraciət etdiyimiz çətin gün dostu Google. Əslində Google hazırda “Google ads” adında Display (banner reklamları) və YouTube reklamlarını da özündə birləşdirən nəhəng reklam sistemi formalaşdırıb. Lakin bizdə Google reklamı deyildikdə sadəcə axtarış reklamları başa düşüldüyü üçün elə Google reklamları desək yəqin ki daha anlaşılan olar.

İlk öncə bunu qeyd etmək lazımdır ki, hansı marketinq platformasından istifadə etməyinizə qərar verməzdən əvvəl investisiyanızdan gözlədiyiniz nəticəni nəzərə almaq lazımdır. Çünki Facebook və Google reklamları eyni nəticələri gətirmir.

Ümumi olaraq baxsaq, Google reklamları birbaşa satış gətirmədə, Facebook reklamları isə brendin tanınmasında daha böyük rol oynayır. Məqsədiniz məhsul satmaq və ya müraciət sayını artırmaqdırsa, Google reklamları əla bir həlldir. Digər tərəfdən, məqsədiniz brendinizin tanınma səviyyəsini artırmaq, tələb yaratmaq və keçmiş vebsayt ziyarətçilərinizi qarşısına yenidən çıxmaqdırsa, Facebook reklamları daha yaxşı bir investisiya sayıla bilər.

Bu platformaların arasındakı fərqləri, onların hansının biznes hədəflərinizə uyğunluğu haqqında məlumatlı olmağınız marketinq investisiyanızın biznesiniz üçün effektivliyi baxımından çox önəmlidir. Qərar verməzdən öncə gəlin Google və Facebook reklamları arasındakı əsas fərqləri gözdən keçirək:

Facebook ads

Facebook reklamları vizual əsaslıdır, verilən demoqrafik, coğrafi, maraq-əsaslı, davranış-əsaslı və retargetinq bazaları üzrə auditoriya hədəfləməsi edilərək reklamı istifadəçi qrupuna nümayiş etdirmək olur. Əsasən görünmə sayı üzərindən qiymətləndirmə aparılır, lakin klik üzərindən də qiymətləndirmə forması seçilə bilər. Facebook reklamlarında uğur 2 əsas faktordan asılıdır: düzgün hədəfləmə və cəlbedici vizual.

Brend tanıtımını artırmaq, hədəf kütləni məlumatlandırmaq, kampaniyalarınıza insanları cəlb etmək, tələb yaratmaq baxımından çox effektivdir. Müxtəlif reklam formatları, geniş yerləşdirmə variantları ilə rəngarəng bir “reklam aləti çantası” təqdim edir.

Google reklamları (axtarış)

Google axtarış reklamları, bizneslərə spesifik axtarışlar üzərindən potensial müştəri cəlb etmək məqsədilə yaradılmışdır. Xüsusi açar sözlər və açar söz kombinasiyalarını hədəfləyərək, məhsul və ya xidmətinizin potensial alıcısının qarşısına rahat formada çıxa bilərsiniz. Effektiv açar söz menecmenti ən vacib faktordur.

Qısaca desək, potensial müştərinin ən çox alışa hazır olduğu və ya məlumat topladığı anda düzgün reklamın qarşısına çıxarılması bu reklamın əsas məğzidir.

Facebook-dan fərqli olaraq sadəcə klik üzərindən qiymətləndirmə edilir.

Bəs hansını istifadə edək?

Bu platformalar texniki və gətirdikləri nəticə baxımından bir-birindən kəskin fərqlənsə də birinin o birindən yaxşı və ya pis olduğunu demək olmaz. Burada əsas məsələ biznes hədəfləriniz, investiyanızdan gözlədiyiniz nəticədir. Əgər sizə sürətli nəticələr, satışlar lazımdırsa Google reklamları kömək edəcək, digər tərəfdən, sizə brend formalaşdırmaq, tələb yaratmaq və gizli ehtiyacı olan insanları tapmaq lazımdırsa Facebook reklamları ideal seçimdir.

Hər ikisi düzgün planlandıqda, effektiv idarə edildikdə pullar qazandıracaq. İkisini birgə istifadə etmək isə əksər hallarda ən optimal seçimdir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir