fbpx

Büdcəni israf edən 5 Google ads xətası

Marketinq sahəsində çalışırsınızsa bu sizə məlumdur ki, brend tanınmasını (brand awareness) yüksəltməyin və xüsusi kampaniyalarla insanları çəkməyin birbaşa satış yaratmada təsiri məhduddur. Lakin faktik olaraq bizim satdığımız şey ilə (məhsul və ya xidmət) maraqlanan insanı lazım olan anda şirkətimizə çəkmək — bu inanılmaz dərəcədə effektiv nəticə verə bilir. Bu isə axtarış marketinqi yolu ilə mümkündür. Lakin, doğru istifadə edilərsə. Doğru istifadə edilmədiyi təqdirdə, büdcənizi israf edə və eyni zamanda imicinizə də zərər vura bilər.

Bəs baxaq görək axtarış marketinqi apararkən əsas xətalar hansılardır ki, onlardan mütləq şəkildə uzaq durmağımız lazımdır:

1. Sadəcə “broad keyword” istifadə etmək

Bu google ads reklamlarında yeni olanlar üçün ən ümumi etdikləri xətadır. Hətta bu sahədə təcrübəsi olanların da bu məsələyə laqeyd yanaşa bildiklərini görə bilirik. Bu söz adından da göründüyü kimi açar sözləri geniş əhatəli olaraq istifadə etmək üçün olan funksiyadır. Əgər bu metodu istifadə ediriksə Google qeyd etdiyimiz açar sözlərlə əlaqəli bütün uyğun düşə biləcək variantları istifadəçiyə göstərir.

İlk baxışda çox gözəl görünür, istifadə etmək rahatdır, daha az zəhmət tələb edir və sistem qalan hər şeyi özü “həll edir”. Lakin bu tələ də ola bilər. Bəzən bu formada aparılan kampaniya bizə az uyğun düşən, bəzən isə heç uyğun olmayan insanlara göstərir. Nəticədə isə adekvat olmayan kliklərə boş yerə pul sərf edə bilirik.

Burada bunu da qeyd etmədən keçmək olmaz — broad keyword riskli və bahalı metod olsa da kampaniyanın ilkin inkişaf etditilməsi mərhələsində kəşfiyyat xarakterli olaraq açar sözləri araşdırmaq üçün kiçik bir period olaraq istifadə oluna bilər. Uzun müddət istifadə etməkdən isə qaçmaq lazımdır.

Məsələn “yemək sifarişi” axtaran insana Amerika və Türkiyədən mal sifarişi yəqin ki lazım deyil:

2. “Negative keyword” istifadə etməmək

Son günlər insanların qəlbində xüsusi yerə sahib olan neqativ Google ads kampaniyası zamanı da çox faydalı dostumuzdur. Loru dildə desək axtarıldıqda çıxmaq istəmədiyimiz açar sözlərin siyahısını Google ads sisteminə yerləşdirməkdir. Bu metodu effektiv istifadə edərək xeyli miqdarda büdcə itkisinin qarşısını ala bilərsiniz.

Klassik nümunə göstərək — məsələn vakansiya sözünü neqativ açar söz siyahısına əlavə etmək. (məsələn, bizə “elektronika dükanı” axtaran adamları cəlb etmək lazımdır, kimsə “elektronika dükanı vakansiya” axtarırsa onun reklamımıza klikləməsi sadəcə pul israfıdır)

Neqativ açar sözlər broad match, phrase match, exact match olaraq 3 formada ola bilər.

Negative broad match — reklamınız verdiyiniz neqativ sözlərin hamısının müxtəlif versiyalarda bir arada olduğu kombinasiyada görünməyəcək.

Negative phrase match — bu daha sümükləşmiş formasıdır necə deyərlər. Bu halda isə verdiyimiz söz kombinasiyası verdiyimiz ardıcıllıqla axtarıldığı halda reklamımız görünməyəcək. Söz kombinasiyasının önündə və arxasında əlavə sözlərin yazılması da istisna deyil.

Negative exact match — bu isə ən dəqiqləşmiş formadır. Sistemə deyirik ki, sadəcə bu söz vəya söz birləşməsini axtardığı halda reklamımız görünməsin.

Məsələn “qapı pəncərə ustası” axtaran adama pəncərə brendinin reklamı nə qədər lazım ola bilər. Əgər ustalıq xidməti verirlərsə, etmək olar. Lakin onun üçün “usta” açar sözü ilə olan axtarış müraciətlərinə xüsusi reklam hazırlanması lazımdır.

3. “Ad extension” istifadə etməmək

Ad extension dilimizdəki hərfi mənasından da bilndiyi kimi reklam əlavəsi deməkdir. Axtarış reklamlarında altda olan keçidləri ifadə edir. Bunlar reklamımızı insanlara daha cəlbedici, daha informativ və daha yönləndirici edir. Eyni zamanda reklamlarımızın daha böyük yer tutmasına kömək edir ki, bu da reklamımıza olan klikləmə sayını artırır.

Bir halda ki, bu qədər faydası var və eyni zamanda artıq pul tələb olunmur, bunu istifadə etməmək “böyük günah” olar. 1-ci sırada olan reklam üstünlüyə sahib olsa da, 2-ci sırada olan, amma “ad extension”-lardan istifadə olunan reklam istifadəçiyə daha dolğun görünəcək və diqqətini daha çox cəlb edəcək.

Eyni ilə aşağıdakı nümunədə olduğu kimi:

4. Trafiki ana səhifəyə yönləndirmək

Bu axtarış reklamlarında edilən ən “şirin” səhvlərdən biridir. Bəlkə də bir çox insan bunu bilərəkdən edir. Düşüncə bəzən bu olur ki, istifadəçinin ana səhifəyə girməsi daha yaxşıdır, həm öz istədiyinə baxacaq, həm də digər şeylərlə tanış olacaq. Əslində isə proses belə deyil. Bir marketdə bu prosesi belə işlətmək effektiv ola bilər, digital mühitdə isə işlər belə getmir. İstifadəçi öz istədiyini həmən tapa bilmədiyi halda, saniyələr ərzində alternativlərə doğru hərəkət edə bilər.

Düzgün proses isə belə olmalıdır:

İstifadəçi əgər mobil telefon axtarısa, mobil telefon üçün xüsusi olaraq yaradılmış ad group istifadəçi klikləyən kimi onu mobil telefonların düzüldüyü səhifəyə aparmalıdır.

5. Coğrafi hədəfləmənin diqqətsiz aparılması

Geo-hədəfləmə xüsusilə Google ads platformasında o qədər də diqqət edilmədən istifadə edilir. Bəzən sadəcə Bakı ərazisində mövcud olan biznesin reklamını Bakı kənarında görmək olur.

Bu geo-hədəfləmə məsələsində diqqətsiz davrandığımız halda baş verir. Google ads sistemi “default” (sözün dilimizdə qarşılığı yoxdur təəssüf ki) olaraq seçilən əraziyə həm maraq göstərən, həm də o ərazidə olan insanları hədəfləmə seçimini verir. Əgər bunu dəyişdirməsək, hədəflədiyimiz ərazidə faktiki olaraq yaşamayan insanlara da reklam görünəcək. Bu bəzi bizneslər və ya təşkilatlar üçün uyğun bir yanaşma ola bilər, əksər bizneslər üçünsə yararsızdır. Bunun üçün ikinci seçimi etmək məqsədəuyğun olacaq və adekvat müraciətlər yönləndirəcək.

Geo-hədəfləmədə çox faydalı ola biləcək detallardan biri də radius hədəfləməsidir. Bu hədəfləmə ilə daha dəqiq ərazi hədəfləməsi edə bilirik. Məsələn Nərimanov ərazisində yerləşən elə bir biznesi reklam etməliyik ki, sadəcə Nərimanov ərazisində yaşayan insanlara görünsün. Bu halda advanced search düyməsi vasitəsilə daxil oluruq və açılan səhifədə yuxarıda radius seçimini edərək bizə lazım olan ərazini axtarırıq, daha sonra radius genişliyini təyin edərək save edirik.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir